четверг, 14 ноября 2013 г.

Quran ürəyi düşünmə orqanı hesab edir

Bu ayələr kimi Quranda daha bir neçə ayələrə rast gəlmək olar. Ayələri diqqətlə gözdən keçirin.

Muhəmməd 24: "Məgər onlar Quran haqqında DÜŞÜNMÜRLƏRMİ? Yoxsa QƏLBLƏRİ qıfıllıdır?"

Əraf 179: "Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların QƏLBLƏRİ var, onunla ANLAMAZLAR; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır."

Həcc 46: "Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) QƏLBİ ilə DÜŞÜNÜB, qulaqları ilə eşitsinlər? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olur."

İsra 36: "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ÜRƏK – bunların hamısı barəsində sorğu-sual olunacaqdır."

İsra 46: "Quranı ANLAMASINLAR deyə, Biz onların QƏLBİNƏ örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq."

Belə. O dövrlərdə tibb elmi inkişaf etmədiyindən və ya ərəb coğrafiyasında tibbdən anlayışın çox az olduğundan insan orqanlarının hansı vəzifələri yerinə yetirdiyi haqda məlumat yox idi. Dövrün insanları (amma onlardan çox əvvəllər yaşamış daha savadlı yunanlar xaric) düşünməyin, anlamağın, dərk etməyin qəlbin vəzifələri olduğunu hesab edirdilər. Təəssüf ki, müasir dövrdə də insanların bir qismi hələ də bu proseslərdə ürəyin rolu olduğuna inanırlar (sevgi, mərhəmət, xeyirxahlıq - bunlar beyindən asılı olan davranışlardır).

Qədim misirlilər belə mumiyalaşdırma əsnasında ölünün beynini çıxarıb atırdılar. Bir sözlə bu orqana, funksiyalarının aydın olmadığından, hörmət etmirdilər. Qədim misirlilər üçün də həyati, bütün insanı davranışların meydana gəlməsini təmin edən orqan ürək idi. Hətta insanda düşüncə mərkəzinin də ürəkdə olduğuna inanırdılar.

Ərəb dininin təməlini qoyan Məhəmməd də düşüncənin ürəkdə yarandığını hesab edirdi. Çox maraqlıdır ki, inanclıların kainat kitabı hesab etdikləri Quranda beyinlə əlaqəli bir dənə də ayə yoxdur. Necə ki qədim ərəblər qarın nə olduğunu bilmirdilər, bu səbəbdən də Quranda qara yer ayrılmamışdı, ələcə də beyinlə əlaqəli məlumatlara sahib olmadıqlarından bu kitabda çox əhəmiyyətli bir orqandan bəhs edilməmişdir. Son elmi yeniliklərə görə hətta əsas həyati orqan ürək yox, məhz beyin hesab olunur. Belə ki, insan öldükdən sonra xatirələri ilə dolu beynini xüsusi kompyuterlərə köçürüb ən azından robot-kompyuter kimi yaşamasını təmin etmək olar. Bu yaxınlarda edilən bir əməliyyatda həkimlər bir ürək xəstəsinin ürəyini xaric edib, bədəndə qanı vurduran və nəbzsiz qan ötürən aparat yerləşdirməyə nail olublar (BioFun).

Bütün bunlar bir daha bu kitabın hər hansı bir fövqəltəbii varlıq (ümumiyyətlə fövqəltəbiilik deyə bir şey yoxdur) tərəfindən göndərilmədiyini, əksinə dövrün adi insanları tərəfindən müəyyən məqsədlər üçün yazıldığını təsdiq edir.

İnsan orqanlarının ardıcıl inkişafı "möcüzəsi"

Bu ayələr Quran möcüzəsi hesab edilir. Ayələrdə Allahın insana bəxş etdiyi eşitmə, görmə, hiss etmə duyğularından bəhs edilir və hər birisi orqanlar olaraq müəyən ardıcıllıqla yazılır.

Muminun 78: "Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz."

Nəhl 78: "Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz."

Ənam 46: "De: Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əli-nizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər? Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər."

İnsan 2: "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik."

Gəlin möcüzə iddiasına baxaq.

"Embrioloq Keith Moore, Journal of Islamic Medical Association'da dərc etdiyi bir məqaləsində, embrionun inkişaf müddətində daxili qulaqların ilk dəfə yaranmasından sonra gözün meydana gəlməyə başladığını demişdi. Hiss etmə və anlama mərkəzi olan beynin isə, qulaq və gözün ardından inkişafa başladığını bildirmişdi.

Ana qarnındakı uşaq döl halında olanda, hamiləliyin iyirmi ikinci günü kimi erkən dövrdə qulaqlar inkişaf edir və hamiləliyin dördüncü ayında qulaq tam olaraq funksional hala gəlir. Fetus bundan sonra ananın qarnındakı səsləri eşidə bilər. Bu səbəbdən yeni doğulan körpə üçün eşitmə duyğusu digər həyati funksiyalardan əvvəl meydana gəlir. Quran ayələrindəki ardıcıllıq bu baxımdan möcüzə hesab oluna bilər."

İndi isə bu möcüzə iddiasının əsassızlığına toxunaq.

İddiada, duyğuların eşitmə, görmə və hiss etmə şəklində sıralanmasının möcüzə olduğu və embrionun da bu ardıcıllıqla meydana gəlməsi deyilir. Daha sonra beynin qulaqdan və gözdən sonra ortaya çıxdığı iddia edilir. Yazının sonunda isə eşitmə duyğusunun, digər həyati orqanlardan əvvəl meydana gəldiyi iddia edilmişdir. Möcüzə iddiası müasir embriologiya elmindən əldə edilən məlumatlarla araşdırılsa, başdan axıra qədər səhv olduğu aydın olar.

Göz və qulaq, embrionun 4 və 5-ci həftələrində meydana gəlməyə başlayır. Göz və qulağın meydana gəlməyə başladığı bu mərhələdə eyni zamanda onurğa, alt çənə və gırtlağın da meydana gəlməyə başladığı məlumdur. Daha geriyə getsək, göz və qulaq üçün ilk əlamətlərin meydana gəlməsini göstərən və sırayla "optik groove" və "otic placode" deyə adlandırılan strukturlar da yenə ilk dəfə embrionun 3-cü həftəsində görülürlər. Bu baxımdan, göz və qulağın meydana gəlməyə başlaması eyni mərhələyə təsadüf edir.

Daha sonra, beyin. Iddiada deyilən bir başqa vəziyyət, beynin qulaq və gözün ardından meydana gəlməyə başlamasıdır. Müasir elmi məlumatlara görə mərkəzi sinir sistemi, göz və qulaqdan əvvəl meydana gəlir. Bu da beynin göz və qulaqdan daha əvvəl formalaşmağa başladığı deməkdir.

İddianın son hissəsində körpənin eşitmə duyğusunun, digər həyati funksiyalardan əvvəl meydana gəldiyi irəli sürülür. Bu baxımdan, eşitmə duyğusunun inkişafının, digər həyati orqanların inkişafından daha əvvəl tamamlanmış olduğunun iddia edildiyi aydın olur. Qulaq, anatomik olaraq funksionallığını 20-ci həftədə tamamlayır. Amma ürək, embrionun 8-ci həftəsində bölünməni tamamlayır və dölün ürəyi yaranmağa başlayır. Bunu 8-ci həftədə tamamlamasına baxmayaraq embrionda ilk ürək döyüntüsü 3 və ya 4-cü həftələrdə eşidilir.

 Belə. Elmi faktların araşdırılmasıyla görülür ki, yuxarıda irəli sürülən iddianın əsası yoxdur. Həmçinin, ortaya atılan iddiada, inkişaf m
ərhələrinin tam göstərilməməsi, əvvəldən iddianın etibarsızlığını göstərir. Həyati orqan olaraq hansı orqanlara istinad edildiyi də bilinmir. Amma elmi məlumatlar göstərir ki ürək inkişafını eşitmə və görmədən əvvəl tamamlayır.

Nəinki bu, bütün möcüzə deyə irəli sürülmüş fikirlər elmi məlumatlarla təkzib edilə bilər. Təkcə dini kitablar yox, müxtəlif dövrlərdə yazılmış olan hər cür kitablardan bənzər möcüzələr kəşf etmək olar. Bu tip iddiaların irəli sürülməsinin əsas səbəbi isə müasir dövrlə uyğunlaşmayan cəfəng dini doqmaların insanlar üzərində olan təsirinin azalmasının qarşısını almaqdır.


Mənbə: 

1. Dr. C. George Boeree, “Prenatal development”
2. Patrick O’Connor, Embryology of the Eye and Visual Pathways-Anathomy and General Organization 
3. Baby Brain Development: Zero te Three
4. Stanley N. Graven, MD and Joy V. Browne Auditory Development in the fetus and Infant, Newborn & Infant Nursing Reviews / Christa Wellman, Heart Development

понедельник, 4 ноября 2013 г.

Dindarlara Suallar



İndiyə qədər inanclılar, yaradılışçılar bizlərə suallar verdi, anladıqları qədər izah etməyə çalışdıq. Bir az da biz onları sual atəşinə tutaq.

İlk əvvəl, təkamülə qarşı çıxanlar bir aydınlıq gətirsinlər. Bütün canlıları allahın bir anda, həm də bu gün gördüyümüz kimi yaratdığını iddia edirsiz.

1. Allah niyə bu qədər vaxt gözlədi?

Allah nəyə görə kainatı 13 milyard il əvvəl, bizim planeti 5 milyard il əvvəl, Yerdəki həyatı isə 3,7 milyard il əvvəl yaratdı? Nəyi gözləyirdi? Allahın sevimli peyğəmbəri Məhəmməd 1400 il əvvəl peyda oldu. Bu qədər gözləməyə səbəb nə idi? Bu, kainat yarandığından bəri keçən müddətin 0,00001%-dir. İnsanın əcdadları 400 min il əvvəl alətlər hazırlamağa başladı. Adəmin həmin dövrdə "pırt" deyib yaradıldığını iddia edən yaradılışçılar, niyə Homo sapiens (biz) yaşamadıqda Homo erectusun yaşadığını və ya Homo erectusun axreoloji qeydlərdən silindiyi dövrdə niyə anidən (təbii ki tədricən) Homo sapiensin ortaya çıxmasına elmi əsaslı cavab versinlər. Təbii seçmədən anlayışları olmadığından bu mövzu haqda bir çox əfsanələr uydururlar.

2. Allah oksigen yarada bilir?

Allah insanların və digər oksigen tənəffüs edən canlıların yaşaya bilməsi üçün niyə əvvəldən atmosferi oksigenlə dolu yaratmadı? Elmə məlumdur ki, oksigeni ilk yaradan sianobakteriyalar və digər yosunlar olmuşdur, onlar karbon qazı tənəffüs edərək oksigen istehsal etməyə başlamışdırlar. Bu hadisədən sonra canlıların təkamül sürəti artmış və bir çox yeni növlər peyda olmuşdurlar. Allah bir başa oksigen yarada bilmirdi? Kainatı "ol" deyib yaradan  Allah oksigen qarşısında aciz qaldı?

3. Allah niyə canlıları sadədən mürəkkəb inkişaflara doğru yaradır?

Allah niyə 4 milyard il əvəl prokariotları, 3 milyard il əvvəl fotosintez edə bilən təkhüceyrəli bakteriyaları, 2 milyard il əvvəl eukariotları, 1 milyard il əvvəl çoxhüceyrəliləri, 600 milyon il əvvəl primitiv ilk heyvanları, 570 milyon il əvvəl hörümçəkləri, çanaqlıları və buğumayaqlıları, 550 milyon il əvvəl inkişaf etmiş heyvanları, 500 milyon il əvvəl balıq və ilk amfibiyaları, 475 milyon il əvvəl quru bitkilərini, 400 milyon il əvvəl toxumlu bitkiləri,  360 milyon il əvvəl inkişaf etmiş amfibiyaları, 300 milyon il əvvəl sürünənləri,  200 milyon il əvvəl məməliləri, 150 milyon il əvvəl quşları, 130 milyon il əvvəl çiçəkli bitkiləri, 2,5 milyon il əvvəl ilk insanbənzəri meymunları, 200 min il əvvəl müasir insanlara çox oxşayan insanları yaratdı? Arxeologiya və paleontologiya elm sahələri bu ardıcıllqların həqiqi olduğunu təsdiqləmişdir. Canlıların DNT-lərinə baxdıqda yenə bu ardıcıllığı görürük. Yəni fosil qeydləri ilə birlikdə Genetika elmi də bunu təsdiqləyir. Niyə Allah, bizi təkamüllə çaşdıraraq, bütün canlıları mərhələlərlə, sadədən mürəkkəbə doğru yaratdı? Biz ki, cənnət bağında saf torpaqdan bir saniyənin içində yaradılmışdıq?! Niyə kərtənkələdə olan genlər məndə də var? Niyə şam ağacı ilə də oxşar genetik məlumatlarımız var? Və niyə insana genetik baxımdan ən yaxın növlər ardıcıllqla Şimpanze, Qorilla, Oranqutan və digər primatlardır? Yəni bütün canlılarla oxşar genetik məlumatmız varsa belə, niyə daha çox meymun dəstəsindən olan növlər bizə daha yaxındır? (bioloq olan biri onsuz da bilməlidir ki biologiyada insan meymunlar dəstəsinə daxildir)

4. Allah niyə yaratdığı növlərin nəslini kəsir?

Allah mezozavr kimi növləri niyə yaratdı və niyə sonra birdən yox etmək qərarına gəldi? Niyə dinozavrlar, mamontlar kimi canlılar təbiət tarixində qaldılar? (niyə timsahlar, quşlar dinozavrlara və fillər də genetik baxımdan mamontlara yaxındır sualı da sizi düşündürsün) Niyə indiyəcən yaşamış canlı növlərinin 95% bu gün yaşamır və ya niyə nəslləri kəsilib? Allah yox edəcəkdisə niyə yaratdı?

5. Allah bizə yaxın olan Neandertallardan niyə üz döndərdi?

Bizə həm genetik, həm də morfoloji baxımdan oxşayan, bizim kimi alətlər yaratmağa qadir olan, şəkillər çəkən, danışa bilən, yəni bizə yaşamiş bütün növlər arasında ən yaxını olan Neandertallar niyə yer üzündən silindi? 25 min il əvvəl səhnədə biz tək qaldıq, onların nəsli kəsildi? Onlar qalsaydı onlara da bizim kimi dinlər göndəriləcəkdi? Namaz qılmaları, kilsəyə, sinaqoqa getmələri yuxarılardan tələb ediləcəkdi? Alimlər çox yaxşı bilirlər ki onlar bizimlə eyni növ deyillər, çünki bir çox kiçik fərqlərimiz də var. Yaxşı, əgər Adəm bizim ilk əcdadımızdırsa, onların da əcdadı hesab olunur? Axı onlar da bizim kimi sosial növ idi? Onlar indi hardadırlar, cənnətdə ya cəhənnəmdə? 

6. Niyə canlılar bir-birini yeyir?

Allahın yaratdığı canlılar niyə bir-birini yeyir? Ceyranın yaradılışına əgər səbəb Allahın qüdrətidirsə, elə isə onu parçalayan pələngin yaradılışına səbəb nədir? Niyə balıqlar yumurta qoyduqda onların 90% tam inkişaf etmədən suda digər növlər tərəfindən yeyilir? Zəif kiçik serçə balası niyə pişiklər tərəfindən yeyilir? Balans olsun deyə? Hah. Pələng üçün hər şeyə qadir olan Allah fərqli qida rasionu yarada bilərdi. Beləcə gənc ceyran balaları dişlər arasında keçməzdi. Bəs niyə bu mərhəmətli Allah bu qədər qəddar qərarlar verəsi oldu?

среда, 12 июня 2013 г.

Mifologiyalar Dinlərə Təsir Etdimi?

Adəm ilə Həvvanın cənnətdən qovulması qədim Şumer mifologiyasına dayanırmı? Din qədim mədəniyyətin məhsuludurmu? Yoxsa şumerlərdən bu yana insanlıq eyni ilahi qaynaqdanmı bəslənir? 


"Din qətiliklə qədim bir mədəniyyətin məhsuludur" 


Yaxın Şərq mifologiyasından İslamiyyətə keçən bir çox maddə var. Cənnət - cəhənnəm inancı İran mifologiyasına söykənir

четверг, 9 мая 2013 г.

Nəyə Görə Ateizm?

Əslində hər insan ateist doğulur. Buna şübhə ola bilməz, amma yenə də bəziləri üçün izah vermək lazımdır. Məntiqlə düşünsək, görərik ki bir insan doğulduqda onun nə dini, nə milliyəti, hətta şəxsi fikirləri belə olmur. Bunlara insan böyüyüb inkişaf etdikcə sahib olur və təbii ki burda yaşadığı mühit, cəmiyyət böyük rol oynayır. Nəyə görə siz müsəlmansınız, çünki elə bir ölkənin elə bir ailəsində doğulmusunuz ki, orada hakim din islamdır (Azərbaycan islam ölkəsi olmasa da ən azından əhalinin yarısından çoxu özünü müsəlman hesab edir - diqqət! müsəlman demirəm, sadəcə hesab edir). Kiçik yaşlarınızdan valideynləriniz sizi islam mədəniyyətiylə və s. tanış edib. İstər istəməz siz də bunları görüb götürmüsünüz. Başqa mənzərəyə yol açın: cənubi Amerikada katolik ailəsində doğulsaydınız necə olardı? Yenə belə bir əminliklə müsəlman ola bilərdinizmi? Ehtimal olduqca azdır, hətta yox deyilə biləcək bir səviyyədədir. Və ya, Hindistanda, bir hindu ailəsində doğulsaydınız? İsraildə, dindar bir musəvi ailəsində bəs? Afrikada, Keniyada? Görüldüyü kimi o ərazilərdə doğulub müsəlman olma ehtimalınız çox azdır. Təbii ki sonradan fikirlərinizi dəyişdirə biləcəyiniz də bunun içinə qatılmalıdır, amma buna da ehtimal azdır.

Yəni, sizin bu gün müsəlman olmağınıza və ya özünüzü müsəlman hesab etməyinizə bir başa və əsas səbəb - coğrafiyanızdır. Azərbaycandan çox yox, bir neçə kilometr yanda, Ermənistanda doğulsaydınız belə bu gün bəlkə müsəlmanlara nifrət edirdiniz. Bu açıq-aydındır.


Başa düşməlisiniz ki, sizi müsəlman edən əslində siz və sizin şəxsi fikirləriniz, dünyagörüşünüz yox - sizin cəmiyyətiniz, yaxınlarınız, ən əsası ailənizdir. Ailənizə hörmətin edilməsi ayrı məsələ, buna bir söz deyə bilmərik. Amma ən azından yuxarıdakıları öz həyatınızda sınasaydınız, bəlkə də bu gün tam başqa bir insan idiniz və fərqli dünyagörüşləriniz var idi.

Bizsə, azaddüşüncəli ateistlər, bunları həyatımızın hər hansı bir hissəsində dərindən düşünmüşük. Anlamışıq ki, bizi biz edən özümüz olmalıyıq, ailəmiz, yaxınlarımız, cəmiyyətimiz yox. Bundan başqa dinlə, dini kitablarla maraqlanıb bunlara da münasibətdə öz fikirlərimizi bildirmişik. Qədim mifologiyalarla maraqlanmışıq, torpaqdan yaranışın qədim yunan mifologiyasında da olduğunu, nuh gəmisinin qədim şumer əfsanələrində də yer aldığını, cənnət bağının da həmçinin şumerlərdən qalmış bir mif olduğunu görmüşük. Həmçinin müasir elm sahələriylə tanış olub, astronomiyanın dini kitablara tamamilə zidd olduğunu, biologiyanın isə dindən olduqca fərqli bir izah verdiyini anlamışıq. Yəni, cəmiyyətimizin bizə zorla öyrətdiklərini tam bir kənara qoyub onlara əks olan mənbələri də ələ almışıq.

Burdan da aydın ola biləcəyi kimi, bir uşaq doğularkən, nə müsəlman, nə xristian, nə də hinduist olur. Onları müsəlman, xristian, hinduist edən cəmiyyətləridir. Həmçinin uşaq tamamilə inancsız doğulur. Misalçün, yeni doğulmuş bir uşağı insanlarsız bir mühitə atsanız və orada böyüsə, qətiliklə demək olar ki tanrı və ya allahın nə olduğundan xəbərsiz olacaq. Bu qalsın bir yana, insan olduğunu belə bilməyəcək... Əgər uşaq dini və hər hansı digər inanclarsız doğulursa, demək eynizamanda ateist olaraq doğulur (elmi dildə belə bir fərdi ancaq ateist olaraq adlandırmaq məqsədə uyğun olar).

Bunların başında duran əsas səbəb nədir? Sorğu-sual, şübhə və tərəfsiz şəkildə maraqlanma. Dinə görə şəkk-şübhə günah hesab olunur. ??? Alimlər günahkardır demək ? Hər hansı bir alim, hər hansı bir nəzəriyyə və ya hipotezi ələ alanda, ilk öncə istər istəməz həmin məsələlərə şübhəylə yanaşır. Axtarır, yeni sübutlar əldə edir, əgər sübutlar azdırsa şübhəsi bir az da artır, yeni fikirlər ortaya qoyur və s. Elm özü şübhə işidir. Əgər ciddi bir məsələ olan elmə şübhəylə yanaşılırsa, heç bir dəlili olmayan dini inanclara, xurafatlara, əfsanələrə nə səbəbə şübhəylə yanaşılmamalıdır? Təbii ki bu iddia qədimdə yaşayan, dünyagörüşləri və bilikləri daha az olan insanlar tərəfindən irəli sürüldüyünə görə çox da təzyiq göstərmək düzgün olmazdı. Bunları isə bir daha, daha müstəqil şəkildə və tərəfsiz zehinlə düşünün.

Ateist olmaq hər hansı bir dəstəyə, qrupa, gizli təşkilata üzv olmaq deyil! Ateistlər arasında belə ciddi fikir ayrılıqları ortaya çıxır. Mason olmaq deyil! Satanist olmaq deyil! Qəddar, nankor, vicdansız olmaq deyil! Və hökmən "mələk" olmaq deyil. Bunlar əsassız iddialardır. O insanlar tərəfindən irəli sürülüblər ki, həyatları ərzində nə bir ateistlə tanışlıqları olub, nə də ki özlərinə bir azca əziyyət verməyib ateizm haqda maraqlanmayıb, oxumayıblar. Bir ateist olduqca yaxşı insan olduğu kimi, olduqca pis insan da ola bilər. Burada ateizm günahkar deyil. Ateist olduğumuz üçün nə vicdan əzabı çəkirik, nə cəhənnəmdə yanacağımız qorxusuyla gəzirik, nə də bir gün təyyarə qəzasında ölümlə qarşılaşa bilmə anında allaha dua edəcəyimizə inanırıq. Sonda isə məntiqlə bunu demək lazımdır ki, ateizmin bu gün var olmağında bir başa səbəbkar dini inanclardır. Əgər inanclar olmasaydı, ateizm anlayışı da olmazdı. Ateizm, müvəqqəti olaraq, dinlə və dini təzyiqlə mübarizədə və mübarizə üçün doğulmuşdur. Nə zaman ki dini inanclar tarixin səhifələrinə basdırılacaq, o zaman da ateist düşüncə unudulub yox olacaq.

p.s. Yazı adminlərdən birinin şəxsi fikirlərini əhatə edir və hazırlanmasında hər hansı bir qaynaqdan istifadə edilməmişdir.