Əslində hər insan ateist doğulur. Buna şübhə ola bilməz, amma yenə də bəziləri üçün izah vermək lazımdır. Məntiqlə düşünsək, görərik ki bir insan doğulduqda onun nə dini, nə milliyəti, hətta şəxsi fikirləri belə olmur. Bunlara insan böyüyüb inkişaf etdikcə sahib olur və təbii ki burda yaşadığı mühit, cəmiyyət böyük rol oynayır. Nəyə görə siz müsəlmansınız, çünki elə bir ölkənin elə bir ailəsində doğulmusunuz ki, orada hakim din islamdır (Azərbaycan islam ölkəsi olmasa da ən azından əhalinin yarısından çoxu özünü müsəlman hesab edir - diqqət! müsəlman demirəm, sadəcə hesab edir). Kiçik yaşlarınızdan valideynləriniz sizi islam mədəniyyətiylə və s. tanış edib. İstər istəməz siz də bunları görüb götürmüsünüz. Başqa mənzərəyə yol açın: cənubi Amerikada katolik ailəsində doğulsaydınız necə olardı? Yenə belə bir əminliklə müsəlman ola bilərdinizmi? Ehtimal olduqca azdır, hətta yox deyilə biləcək bir səviyyədədir. Və ya, Hindistanda, bir hindu ailəsində doğulsaydınız? İsraildə, dindar bir musəvi ailəsində bəs? Afrikada, Keniyada? Görüldüyü kimi o ərazilərdə doğulub müsəlman olma ehtimalınız çox azdır. Təbii ki sonradan fikirlərinizi dəyişdirə biləcəyiniz də bunun içinə qatılmalıdır, amma buna da ehtimal azdır.
Yəni, sizin bu gün müsəlman olmağınıza və ya özünüzü müsəlman hesab etməyinizə bir başa və əsas səbəb - coğrafiyanızdır. Azərbaycandan çox yox, bir neçə kilometr yanda, Ermənistanda doğulsaydınız belə bu gün bəlkə müsəlmanlara nifrət edirdiniz. Bu açıq-aydındır.
Başa düşməlisiniz ki, sizi müsəlman edən əslində siz və sizin şəxsi fikirləriniz, dünyagörüşünüz yox - sizin cəmiyyətiniz, yaxınlarınız, ən əsası ailənizdir. Ailənizə hörmətin edilməsi ayrı məsələ, buna bir söz deyə bilmərik. Amma ən azından yuxarıdakıları öz həyatınızda sınasaydınız, bəlkə də bu gün tam başqa bir insan idiniz və fərqli dünyagörüşləriniz var idi.
Bizsə, azaddüşüncəli ateistlər, bunları həyatımızın hər hansı bir hissəsində dərindən düşünmüşük. Anlamışıq ki, bizi biz edən özümüz olmalıyıq, ailəmiz, yaxınlarımız, cəmiyyətimiz yox. Bundan başqa dinlə, dini kitablarla maraqlanıb bunlara da münasibətdə öz fikirlərimizi bildirmişik. Qədim mifologiyalarla maraqlanmışıq, torpaqdan yaranışın qədim yunan mifologiyasında da olduğunu, nuh gəmisinin qədim şumer əfsanələrində də yer aldığını, cənnət bağının da həmçinin şumerlərdən qalmış bir mif olduğunu görmüşük. Həmçinin müasir elm sahələriylə tanış olub, astronomiyanın dini kitablara tamamilə zidd olduğunu, biologiyanın isə dindən olduqca fərqli bir izah verdiyini anlamışıq. Yəni, cəmiyyətimizin bizə zorla öyrətdiklərini tam bir kənara qoyub onlara əks olan mənbələri də ələ almışıq.
Burdan da aydın ola biləcəyi kimi, bir uşaq doğularkən, nə müsəlman, nə xristian, nə də hinduist olur. Onları müsəlman, xristian, hinduist edən cəmiyyətləridir. Həmçinin uşaq tamamilə inancsız doğulur. Misalçün, yeni doğulmuş bir uşağı insanlarsız bir mühitə atsanız və orada böyüsə, qətiliklə demək olar ki tanrı və ya allahın nə olduğundan xəbərsiz olacaq. Bu qalsın bir yana, insan olduğunu belə bilməyəcək... Əgər uşaq dini və hər hansı digər inanclarsız doğulursa, demək eynizamanda ateist olaraq doğulur (elmi dildə belə bir fərdi ancaq ateist olaraq adlandırmaq məqsədə uyğun olar).
Bunların başında duran əsas səbəb nədir? Sorğu-sual, şübhə və tərəfsiz şəkildə maraqlanma. Dinə görə şəkk-şübhə günah hesab olunur. ??? Alimlər günahkardır demək ? Hər hansı bir alim, hər hansı bir nəzəriyyə və ya hipotezi ələ alanda, ilk öncə istər istəməz həmin məsələlərə şübhəylə yanaşır. Axtarır, yeni sübutlar əldə edir, əgər sübutlar azdırsa şübhəsi bir az da artır, yeni fikirlər ortaya qoyur və s. Elm özü şübhə işidir. Əgər ciddi bir məsələ olan elmə şübhəylə yanaşılırsa, heç bir dəlili olmayan dini inanclara, xurafatlara, əfsanələrə nə səbəbə şübhəylə yanaşılmamalıdır? Təbii ki bu iddia qədimdə yaşayan, dünyagörüşləri və bilikləri daha az olan insanlar tərəfindən irəli sürüldüyünə görə çox da təzyiq göstərmək düzgün olmazdı. Bunları isə bir daha, daha müstəqil şəkildə və tərəfsiz zehinlə düşünün.
Ateist olmaq hər hansı bir dəstəyə, qrupa, gizli təşkilata üzv olmaq deyil! Ateistlər arasında belə ciddi fikir ayrılıqları ortaya çıxır. Mason olmaq deyil! Satanist olmaq deyil! Qəddar, nankor, vicdansız olmaq deyil! Və hökmən "mələk" olmaq deyil. Bunlar əsassız iddialardır. O insanlar tərəfindən irəli sürülüblər ki, həyatları ərzində nə bir ateistlə tanışlıqları olub, nə də ki özlərinə bir azca əziyyət verməyib ateizm haqda maraqlanmayıb, oxumayıblar. Bir ateist olduqca yaxşı insan olduğu kimi, olduqca pis insan da ola bilər. Burada ateizm günahkar deyil. Ateist olduğumuz üçün nə vicdan əzabı çəkirik, nə cəhənnəmdə yanacağımız qorxusuyla gəzirik, nə də bir gün təyyarə qəzasında ölümlə qarşılaşa bilmə anında allaha dua edəcəyimizə inanırıq. Sonda isə məntiqlə bunu demək lazımdır ki, ateizmin bu gün var olmağında bir başa səbəbkar dini inanclardır. Əgər inanclar olmasaydı, ateizm anlayışı da olmazdı. Ateizm, müvəqqəti olaraq, dinlə və dini təzyiqlə mübarizədə və mübarizə üçün doğulmuşdur. Nə zaman ki dini inanclar tarixin səhifələrinə basdırılacaq, o zaman da ateist düşüncə unudulub yox olacaq.
p.s. Yazı adminlərdən birinin şəxsi fikirlərini əhatə edir və hazırlanmasında hər hansı bir qaynaqdan istifadə edilməmişdir.
İndi sen aqillisanda heee??.
ОтветитьУдалитьAnonim daxil olanlar çox ağıllıdır axı :-P
ОтветитьУдалитьbunu coxu cetin anlayib basa duser ateistleri qeddar agilsiz vehsi kimi taniyirlar ama yaxsi br insan olmaq ucun allah vacib deyil vicdan bes edir
ОтветитьУдалить